Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı Ruben Vardanyan fevralın 10-da keçirilən məhkəmə iclasında çıxışı zamanı saxlanıldığı iki ildən artıq müddətdə Azərbaycan poeziyasını “yenidən kəşf etdiyini” bildirib.
O, Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin şeirini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində səsləndirdiyini deyib. “Unikal”ın əldə etdiyi məlumata görə, söhbət Füzulinin “Padişahi-mülk” qitəsindən gedir. Həmin qitə rus dilinə Vladimir Luqovski tərəfindən tərcümə edilib və Vardanyan da məhkəmədə məhz bu tərcüməni oxuyub.
“Tehsil365” Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan poeziyasına maraq göstərən yeganə erməni Vardanyan deyil.
Bundan əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi, 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviç də Azərbaycan ədəbiyyatına maraq göstərirdi. O, Süleyman Rüstəmin və Səməd Vurğunun şeirlərini oxuyur, bəzi şeirləri isə əzbər söyləyirdi. Həmin görüntülər vaxtilə ictimaiyyətə təqdim olunmuşdu.
Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır maddələri ilə təqsirləndirilir.

