Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının əməkdaşlarının “Ahıska türklərinin mədəni, dil və teatr irsinin tədqiqi və rəqəmsal arxivləşdirilməsi” (Research and Digital Archiving of the Culture, Language, and Theatre Heritage of Ahıska Turks) layihəsi Türk Akademiyası tərəfindən 2026-cı il üçün elan edilmiş “Elmi layihələr müsabiqəsi”nin qalibi olub.
“Tehsil365" xəbər verir ki, layihənin məqsədi Ahıska türklərinin dil, mədəniyyət və teatr irsinin elmi əsaslarla araşdırılması, sistemləşdirilməsi və rəqəmsal arxiv formasında qorunmasıdır. Bu təşəbbüs Ahıska türklərinin zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsi, elmi dövriyyəyə daxil edilməsi və beynəlxalq tədqiqatçılar üçün əlçatan edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Layihənin rəhbəri Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru, filologiya elmləri doktoru Asif Hacıyev, iştirakçıları isə ahıska əsilli alim, Türkiyənin Bursa Uludağ Universitetinin professoru, Ahıska türk dili və folkloru üzrə mütəxəssis, Uluslararası Ahıska Araştırmaları Dərgisinin redaktoru Minarə Əliyeva Çınar, Bakı Slavyan Universitetinin professoru, türkoloq Nizami Məmmədov, Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov, Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayevadır.
Qeyd edək ki, Türk Akademiyası Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət göstərən beynəlxalq elmi qurum olaraq Türk dünyasında elmi inteqrasiyanın inkişafına, ortaq layihələrin həyata keçirilməsinə və mədəni irsin qorunmasına mühüm töhfələr verir.

