Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti tərəfindən universitetdə “Zahirəddin Məhəmməd Babur irsinin Şərq dövlətçiliyi və mədəniyyəti inkişafında rolu” mövzusunda III beynəlxalq elmi-nəzəri və praktiki konfrans keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi dosent Əli Fərhadov “Orta əsrlər Hindistanında dini islahatçılıq: Əkbər şah və Dini-İlahi nümunəsi” mövzusunda onlayn məruzə edib.
“Tehsil365" xəbər verir ki, tədqiqatçı öz məruzəsində XVI əsrdə Baburilər sülaləsinin görkəmli nümayəndəsi Əkbər şahın apardığı dini siyasət, onun müxtəlif inanclar arasında tolerantlıq yaratmaq cəhdləri və “Dini-İlahi” təliminin mahiyyəti barədə ətraflı məlumat verib. Tədbir iştirakçılarının suallarına verilən cavablarda orta əsrlərdə geniş yayılmış dini radikalizm və fanatizmə qarşı Əkbər şahın mücadiləsi, qeyri-müsəlmanlardan alınan ağır cizyə vergisini ləğv etməsi, azyaşlı qızların evləndirilməsini qadağan etməsi və dul hindu qadınların yandırılması adətini məhdudlaşdırması, qeyri-müsəlmanların ibadət azadlığına və qadın təhsilinə verdiyi əhəmiyyət qeyd edilib. Həmçinin Əkbər şahın dini və dünyəvi mədəniyyətin inkişafındakı tarixi rolu xüsusi vurğulanıb.
Konfrans materiallarının nəşr edilməsi nəzərdə tutulub.

