Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransında çıxış edib.
AMEA-dan “Tehsil365"ə bildirilib ki, təsis konfransının plenar iclasında Afina Elmlər Akademiyasının prezidenti akademik Nikifiros Diamantourosun açılış nitqindən sonra Yunanıstanın sabiq prezidenti, Afina Universitetinin fəxri professoru Prokopios Pavlopousos “Süni intellekt dövründə mif və həqiqət” mövzusunda məruzə ilə çıxış edib.
Bundan başqa, plenar iclasda “Süni intellekt, insan sağlamlığı və zəka”, “Süni intellektdə kollektiv və iqtisadi baxış”, “İnnovasiya, rəqabətlilik: Avropa iqtisadiyyatının inkişafı və gələcəyi”, “Rəqəmsal arxeologiya və insan faktoru”, “Antropogen dövrdə iqlim dəyişiklikləri və Aralıq dənizi hövzəsində mədəni irsin dayanıqlığı” mövzularında məruzələr dinlənilərək müzakirə aparılıb.
Yunanıstan Elmlər Akademiyasının Neoklassik zalında Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransında Yunanıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Kristos Zerefos Beynəlxalq Akademiyalar Birliyi İdarə Heyətinin sədri seçilib.
İclasda 41 ölkədən gəlmiş Elmlər Akademiyalarından Beynəlxalq Akademiyalar Birliyinin tam üzvləri, fəxri üzvləri seçilib, üzvlüyə namizədlər müəyyən olunub. Azərbaycan Milli Elmlər Akademiyası Beynəlxalq Akademiyalar Birliyinin fəxri üzvləri sırasında yer alıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli səfər çərçivəsində Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkərlə görüşüb, qarşılıqlı əməkdaşlıq məsələləri və Birinci Türkoloji Qurultayla əlaqədar keçiriləcək tədbirlər barədə müzakirələr aparıb. Eyni zamanda, Avstriya Elmlər Akademiyasının prezidenti professor Hayns Fabman və Macarıstan Elmlər Akademiyasının vitse-prezidenti Vanda Lamm ilə də görüş keçirilib.
Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransının iştirakçıları Yunanıstanın qədim tarixi abidələri və antik mədəniyyəti ilə tanış olublar.
Qeyd edək ki, Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransı fevralın 9-11-də keçirilib.

