Dövlət arxivlərində Azərbaycan tarixinin ilkin mənbələr əsasında öyrənilməsində müstəsna əhəmiyyət kəsb edən minlərlə fond və yüz minlərlə sənəd saxlanılır. Onların sırasında xanlıqlar dövründə verilmiş fərmanları, XIX əsrin əvvəllərində Rusiya imperiyasının yerli dövlət idarələrində hazırlanaraq Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatından bəhs edən sənədləri, “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələrinin nüsxələrini qeyd etmək olar. Həmçinin təhsil, səhiyyə sahələrində aparılan işlər, neft sənayesi, şəhərsalma, faydalı qazıntı məhsullarının kəşfi, milli zəmində baş vermiş münaqişələr, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin, parlamentin, ayrı-ayrı nazirliklərin fəaliyyətinə dair qiymətli sənədlər, deportasiya, soyqırımı tarixləri ilə bağlı komissiyaların sənədləri, Azərbaycanda sovet quruculuğu, kollektivləşdirmə, mədəni inqilab, sənaye, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə sahələrindəki inkişaf haqqında materiallar arxivlərdə qorunur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə və Prezident İlham Əliyevin dövlət tədbirlərində, sənaye, sosial və hərbi obyektlərin açılış mərasimlərində, xarici ölkələrə səfərlərində müxtəlif dövlət rəhbərləri, diplomatik korpusların nümayəndələri ilə görüşlərində və digər tədbirlərdə lentə alınmış kino-foto-fono sənədlər, görkəmli dövlət, elm, mədəniyyət, incəsənət xadimlərinin yüzlərlə şəxsi fondları da dövlət arxivlərində saxlanılır.
“Tehsil365" xəbər verir ki, Milli Arxiv İdarəsinin “Azərbaycan arxivi 105 (sənədlər, faktlar)” kitabında yer alan bu zəngin informasiya dövlət arxivlərinin milli tarixi yaddaşın qorunması, sistemləşdirilməsi və elmi dövriyyəyə gətirilməsində müstəsna rol oynadığını göstərir.
Nəşrin məsul redaktoru Milli Arxiv İdarəsinin rəisi filologiya elmləri doktoru professor Əsgər Rəsulovdur.
Azərbaycanda arxiv işinin 105 illik tarixini özündə əks etdirən və iki hissədən ibarət kitabın birinci hissəsində arxiv işinin cəmiyyət üçün aktuallığı və tarixi sənədlərin məzmunu ilə bağlı qısa məlumat verilir, dövlət arxiv xidmətinin əldə etdiyi nəticələrdən bəhs olunur. İkinci – Əlavələr hissəsində Azərbaycan Respublikası Dövlət Arxivinin, Dövlət Tarix Arxivinin çap məhsulları şöbəsinin (Elmi-məlumat kitabxanasının) fondlarında mühafizə edilən sənədlərin əsillərinin elektron nüsxələrinin surətləri yerləşdirilib.
Bu kitab Azərbaycan dövlət arxiv xidmətinin təşkili və tarixi inkişaf yolu barədə geniş oxucu kütləsini məlumatlandırmaq məqsədilə hazırlanıb. Nəşrə daxil edilmiş 1920-2024-cü illəri əhatə edən arxiv sənədləri (dekret və fərmanlar, qanun, qərar və sərəncamlar, yazışmalar və s.) arxiv sahəsi ilə maraqlanan tədqiqatçılara ölkəmizdə arxiv işi sahəsində həyata keçirilmiş tədbirlərin xronologiyası barədə məlumat əldə etməyə imkan verir.
Kitabda qeyd olunduğu kimi, dövlət arxivləri və arxivçilər tarixi həqiqətləri təhrif edən, millətçilik ideyaları yaymaqla özlərinə saxta tarix yaradanların qarşısına tutarlı faktlar, sübutlar qoymaqla bu müqəddəs işdə öz məsuliyyətlərini aydın başa düşür və Vətən tarixinin keşiyində şərəflə dururlar.

