Fevralın 13-də Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Dahi memar Əcəmi Naxçıvani yaradıcılığı” mövzusunda elmi sessiya keçirilib.
AMEA-dan “Tehsil365"ə bildirilib ki, tədbiri akademiyanın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirilən sessiyanın elmi əhəmiyyətini qeyd edib. O, Əcəmi Naxçıvaninin 900 illiyinin “Şəhərsalma və Memarlıq İli”nə təsadüf etməsinin tarixi irslə müasir inkişaf strategiyalarının vəhdətini ifadə etdiyini, bu uyğunluğun Azərbaycan memarlıq ənənələrinin davamlılığını və aktual dəyərini bir daha nümayiş etdirdiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Əcəmi Naxçıvaninin fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olub. Naxçıvan şəhərində Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Onun sözlərinə görə, Əcəmi memarlıq məktəbinin yadigarlarından sayılan Gülüstan türbəsi də Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli abidələrindən biridir.
Akademik İsa Həbibbəyli AMEA-da Əcəmi Naxçıvani irsinin öyrənilməsi istiqamətində görülən işlərdən də bəhs edib. Bildirib ki, akademik Əbdülvahab Salamzadə XX əsrin ortalarından etibarən Əcəminin sənət dünyasını elmi əsaslarla açmağa müvəffəq olub. Naxçıvan memarlıq məktəbinin ilkin tədqiqatı onun adı ilə bağlıdır. Həmçinin Azərbaycan ədəbiyyatında Əcəmi Naxçıvaninin həyatı və sənəti müxtəlif janrlarda yazılmış bədii əsərlərin mövzusunu təşkil edib.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Əcəmi Naxçıvani yaradıcılığının dünya memarlığına təsiri” mövzusunda məruzəsini təqdim edib. O, Naxçıvanda və respublikamızın digər şəhərlərində ucaldılan, memarlıq baxımından əhəmiyyətli komplekslər, tarixi abidələr haqqında məlumat verib. Alimin məruzəsində Əcəmi yaradıcılığının təhlili təfərrüatı ilə diqqətə çatdırılıb. AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə dahi memarın yaratdığı kompozisiyaların, dekorativ bəzək üsullarının Azərbaycan memarlığı ilə bərabər Yaxın Şərq memarlıq tikililərinə təsirindən bəhs edib. Əcəmi yaradıcılığı üçün səciyyəvi olan ornament kompozisiyaların bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslandığını bildirib.
Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri memarlıq doktoru, dosent Rahibə Əliyevanın “Səkkiz əsrin şahidi: Əcəmi sənətinin möhtəşəmliyi”, Naxçıvan Dövlət Universitetinin dosenti Gülnarə Qəmbərovanın “Yaxın Şərq memarlığında Memar Əcəmi irsi” və AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi Brilyant Cəfərlinin “Memarlıq dühası Əcəmi Naxçıvani yaradıcılığında bəzi həndəsi ornamentlərin simvolik mənaları” mövzusunda məruzələri dinlənilib.

