Mədəniyyət Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “İncəsənət müəllimlərinin qış məktəbi” başlayıb.
“Tehsil365“ AZƏRTAC-aistinadən xəbər verir ki,bu barədə Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evində keçirilən layihədə ölkənin müxtəlif bölgələrindən olan və attestasiyada uğurlu nəticə göstərmiş 50-dən artıq uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri iştirak edirlər.
Qış məktəbinin açılış mərasimində mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.
Qış məktəbinin ilk günü çərçivəsində iştirakçılar üçün rəqəmsal bacarıqlar, müasir incəsənət təhsili, mədəniyyət sahəsində art-terapiya, incəsənət təhsilində beynəlxalq təcrübə və emosional dayanıqlıq texnikaları mövzularında təlimlər təşkil olunub.
Layihənin əsas məqsədi incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkar potensialının inkişafına dəstək vermək, təcrübə mübadiləsini gücləndirmək və tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.
Qeyd edək ki, “İncəsənət müəllimlərinin qış məktəbi” fevralın 14-dək davam edəcək.

