Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda ilk dəfə qabaqcıl materialşünaslıq sahəsində ixtisaslaşmış elmi-tədqiqat mərkəzi təsis olunur. Universitetin Elmi Şurasının qəbul etdiyi qərara əsasən, yeni mərkəz kvant texnologiyaları və enerji çevrilməsi üçün funksional materialların hazırlanması, öyrənilməsi və tətbiqi istiqamətində fəaliyyət göstərəcək.
“Təhsil365“xəbər verir ki,Mərkəzin əsas məqsədi yüksək səviyyəli fundamental tədqiqatların aparılması, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və gənc alimlərin yetişdirilməsidir. Burada iki ixtisaslaşmış laboratoriya fəaliyyət göstərəcək: Material dizaynı və sintezi laboratoriyası – yeni kvant və enerji materiallarının nəzəri modelləşdirilməsi, sintezi və kristal böyüdülməsi ilə məşğul olacaq; Materiallar fizikası laboratoriyası isə bu materialların elektron, maqnit, optik və topoloji xassələrini müasir üsullarla araşdıracaq.
Yeni mərkəz Azərbaycanın kvant texnologiyaları və enerji çevrilməsi üzrə dünya miqyasında aparılan tədqiqatlarda ön sıralara çıxmasına mühüm töhfə verəcək. Bununla yanaşı, BDU-da materialşünaslıq sahəsində çoxşaxəli elmi fəaliyyətlər gücləndiriləcək, müasir tədqiqat infrastrukturu formalaşacaq və strateji elmi platforma yaradılacaq.

