Bakı Ali Neft Məktəbində (BANM) yaradılan yeni təlim mərkəzi və laboratoriya rəqəmsal transformasiya, avtomatlaşdırma və kibertəhlükəsizlik sahələrində praktikyönümlü, yüksəkixtisaslı, innovativ kadrların hazırlanmasına mühüm töhfə verir.
Son iki həftədə Bakı Ali Neft Məktəbində yeni təlim mərkəzi və laboratoriya istifadəyə verilib.
Bu barədə “Tehsil365” ə BANM-dən məlumat verilib.
Bakı Ali Neft Məktəbində yeni fəaliyyətə başlayan Əməliyyat Texnologiyaları Akademiyası SOCAR ilə qabaqcıl avtomatlaşdırma, təhlükəsizlik və mühəndislik həlləri təqdim edən qlobal texnologiya şirkəti “Honeywell” arasında əməkdaşlıq çərçivəsində yaradılıb.
Akademiya istehsalat sahələrində rəqəmsal transformasiyanın sürətləndirilməsinə, əməliyyat təhlükəsizliyinin və etibarlılığının artırılmasına, mühəndis-texniki heyətin müasir avtomatlaşdırma və idarəetmə sistemləri üzrə bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edir.
Burada quraşdırılan təlim alətləri, avadanlıq SOCAR-ın əməkdaşları ilə yanaşı, BANM-in müəllim və tələbələri üçün mühüm imkanlar yaradır, yüksək rəqəmsal bacarıqlı, innovasiyaya yönəlmiş kadrların yetişdirilməsi baxımından vacib rol oynayır. Real istehsalat mühitini simulyasiya edən müasir təlim infrastrukturu mürəkkəb avtomatlaşdırma proseslərini təhlükəsiz şəraitdə öyrənmək və sınaqdan keçirmək üçün əlverişli platforma təqdim edir. Hazırda bu Akademiyada çalışan əməkdaşlar həm də Bakı Ali Neft Məktəbinin məzunlarıdır.
Bakı Ali Neft Məktəbində yeni fəaliyyətə başlayan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə yaradılan “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası BANM-də İnformasiya təhlükəsizliyi sahəsində praktikyönümlü tədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Laboratoriya BANM-də təhsil alan tələbə, müəllim və tədqiqatçılarla yanaşı, dövlət qurumlarının əməkdaşlarının istifadəsi üçün də nəzərdə tutulub. Burada mütəxəssislər beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində birgə işləmək, XRİTDX tərəfindən təşkil edilən təlimlərdə iştirak etmək və praktik təcrübə əldə etmək imkanı qazanırlar.

