Son illərdə abituriyentlərin ixtisas seçimlərində maraqlı dəyişikliklər müşahidə olunur,gənclərin uzun müddət informasiya texnologiyaları, kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi kimi sahələrə üstünlük verməsinə baxmayaraq, son dövrlərdə aqrar sektora da maraq artmağa başlayıb.
Bu barədə məlumatı təhsil eksperti Məzahir Məmmədli “Təhsil365”-ə verdiyi açıqlamada qeyd edib. Son illərdə abituriyentlərin ixtisas seçimlərində müşahidə olunan tendensiyaları dəyərləndirib. Onun sözlərinə görə, uzun müddət informasiya texnologiyaları, kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi kimi sahələrə üstünlük verən gənclər indi aqrar sektora da maraq göstərməyə başlayıblar.
Məmmədli qeyd edib ki, bu dəyişiklik təsadüfi deyil. Son iki ildə aqrar sahəyə yönəlik bir sıra stimullaşdırıcı addımlar atılıb. Məsələn, aqrar universitetdə yaxşı oxuyan, orta balı 70-dən yuxarı olan tələbələr 400–500 AZN arası təqaüd alırlar. Bu məbləğ orta əməkhaqqı səviyyəsinə bərabərdir və tələbələr üçün ciddi motivasiya yaradır. Bundan əlavə, ingilis dilində təhsil almaq üçün xüsusi təqaüdlərin ayrılması da marağı artıran mühüm faktorlardan biridir.
Ekspertin sözlərinə görə, informasiya texnologiyaları hələ də ən çox seçilən ixtisaslar sırasında olsa da, aqrar sahəyə marağın artması təhsil sistemində müsbət tendensiya kimi qiymətləndirilir. Bununla yanaşı, tibb ixtisası da öz populyarlığını qoruyur. Son illərdə bu sahəyə qəbul olunan tələbələrin balları kifayət qədər yüksəkdir və bu, gənclərin hələ də tibbi sahəni prestijli hesab etdiyini göstərir.
Ümumilikdə, Məzahir Məmmədli vurğulayıb ki, abituriyentlərin seçim spektri genişlənir. İnformasiya texnologiyaları ilə yanaşı aqrar və tibbi sahələrə marağın artması ölkənin gələcək inkişafı üçün müsbət göstərici hesab olunur.

