Fevralın 13-də Elm və Təhsil Nazirliyinin (ETN) SABAH qrupları layihəsi ilə Azərbaycan Beynəlxalq Maarif Məktəbləri arasında Anlaşma Memorandumu imzalanıb.
“Tehsil365” xəbər verir ki, Memorandum ETN SABAH qrupları layihəsi İcra Komitəsinin rəhbəri Elza Səmədova və Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin baş meneceri Tabip Gülbay tərəfindən imzalanıb.
Sənədin əsas məqsədi elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, elmi-tədqiqat fəaliyyətinin təşviqi və tələbələr üçün təcrübə imkanlarının genişləndirilməsidir.
Memorandum çərçivəsində əməkdaşlıq təlim və tədris prosesinin təkmilləşdirilməsi, pedaqoji ixtisaslar üzrə elmi-praktik tədbirlərin təşkili, akademik və inzibati heyət üçün birgə təlim proqramlarının həyata keçirilməsi, birgə elmi layihə və tədqiqatların aparılması, SABAH qrupları tələbələri üçün təcrübə imkanlarının yaradılmasını əhatə edir.
Bu əməkdaşlıq ali təhsil ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsinə, pedaqoji kadr hazırlığının keyfiyyətinin artırılmasına və SABAH qrupları layihəsi tələbələrinin praktik bacarıqlarının inkişafına mühüm töhfə verəcək.

