Azərbaycan musiqi mədəniyyətinin parlaq simalarından biri, tanınmış dirijor Nazim Əsədulla oğlu Rzayevin xatirəsi ehtiramla anılır.
"Tehsil365" xəbər verir ki, 1925-ci il fevralın 14-də Bakı şəhərində anadan olan Nazim Rzayev uzun illər Azərbaycan professional musiqi sənətinin inkişafında mühüm rol oynayıb. O, Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin rəhbəri kimi milli və dünya klassik musiqisinin təbliğinə böyük töhfələr verib, bir çox gənc musiqiçinin yetişməsində xidmət göstərib.
Yüksək sənətkarlığı və musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1977-ci ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb. O, 1974-cü ildə Azərbaycan Dövlət mükafatı, 1980-ci ildə isə SSRİ Dövlət mükafatı ilə təltif edilib. 1985-ci ildə professor elmi adını alıb.
Nazim Rzayevin dirijorluq fəaliyyəti zəngin repertuarı, yüksək peşəkarlığı və səhnə mədəniyyəti ilə seçilib. Onun rəhbərliyi ilə kamera orkestri respublikanın musiqi həyatında önəmli yer tutub, çoxsaylı konsert proqramları ilə tamaşaçıların rəğbətini qazanıb.
Görkəmli sənətkar 2006-cı il mayın 2-də Əskişəhər şəhərində vəfat edib. Onun zəngin yaradıcılıq irsi Azərbaycan musiqi tarixində xüsusi yer tutur və bu gün də hörmətlə xatırlanır.

