Azərbaycan kino və teatr sənətinin tanınmış nümayəndəsi, rejissor, aktyor və pedaqoq Rza Abbasqulu oğlu Təhmasibin xatirəsi ehtiramla yad edilir.
"Tehsil365" xəbər verir ki,1894-cü il aprelin 8-də (20 aprel) Naxçıvan şəhərində, o dövrdə İrəvan quberniyasına daxil olan ərazidə anadan olan Rza Təhmasib Azərbaycan mədəniyyət tarixində silinməz iz qoymuş sənətkarlardandır.
O, uzun illər teatr və kino sahəsində fəaliyyət göstərərək bir sıra yaddaqalan səhnə əsərlərinə və filmlərə quruluş verib, aktyor kimi də uğurlu obrazlar yaradıb. Pedaqoji fəaliyyəti dövründə isə gənc aktyor və rejissor nəslinin yetişməsində mühüm rol oynayıb.
Sənət sahəsindəki xidmətlərinə görə 1964-cü ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb. Onun yaradıcılığı milli kino və teatr məktəbinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
Rza Təhmasib 1980-ci il fevralın 14-də Bakı şəhərində vəfat edib. Görkəmli sənətkarın zəngin irsi Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olub və bu gün də hörmətlə xatırlanır.

