Son dövrlərdə süni intellekt texnologiyalarının təhsildə geniş tətbiqi müzakirələri artırıb. Xüsusilə sual doğuran məqamlardan biri budur: süni intellekt şagirdlərin düşünmə bacarıqlarını zəiflədir, yoxsa inkişaf etdirir?
Təhsil eksperti Ramin Nurəliyev mövzu ilə bağlı “Tehsil365” ə açıqlamasında bildirib ki, süni intellektin təsiri onun necə istifadə olunmasından asılıdır.
Ekspertin sözlərinə görə, əgər şagirdlər süni intellekti hazır cavab mənbəyi kimi istifadə edirlərsə, bu zaman onların analiz, müqayisə və müstəqil qərarvermə bacarıqları zəifləyə bilər:
“Şagird tapşırığı özü araşdırmaq əvəzinə birbaşa hazır mətni qəbul edərsə, bu, uzunmüddətli perspektivdə düşünmə prosesinə mənfi təsir göstərə bilər.”
Lakin Ramin Nurəliyev vurğulayıb ki, düzgün istiqamətləndirmə olduqda süni intellekt öyrənmə prosesini zənginləşdirə bilər:
“Süni intellektdən fikir toplamaq, alternativ baxış bucaqları əldə etmək və ya səhvləri analiz etmək üçün istifadə etmək şagirdin tənqidi düşünmə bacarığını inkişaf etdirə bilər.”
Ekspert hesab edir ki, burada əsas məsuliyyət müəllimlərin və valideynlərin üzərinə düşür. Onun fikrincə, süni intellekt qadağan edilməli deyil, əksinə, düzgün istifadə qaydaları öyrədilməlidir.
Sonda ekspert qeyd edib ki, gələcəkdə təhsil sistemində əsas diqqət şagirdlərə məlumatı əzbərlətmək deyil, məlumatı analiz etməyi və düzgün istifadə etməyi öyrətməyə yönəlməlidir.

