Portuqaliyada uşaqların sosial media istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb.
“Tehsil365" xarici KİV-ə istinadən xəbər verir ki, Sosial Demokrat Partiyasının (PSD) hazırladığı qanun layihəsi parlamentdə ilkin mərhələdən keçərək yekunlaşdırılması üçün komissiyaya göndərilib.
Layihəyə əsasən, 13 yaşdan aşağı uşaqların sosial şəbəkələrə və digər platformalara çıxışı tamamilə qadağan ediləcək. 13-16 yaş aralığında olan yeniyetmələr isə sosial mediadan yalnız valideyn və ya sinif müəlliminin icazəsi ilə istifadə edə biləcəklər.
Qanun layihəsi növbəti mərhələdə parlament komissiyasında müzakirə olunacaq və daha sonra yekun səsvermə üçün yenidən plenar iclasa çıxarılacaq.
Təklif edilən dəyişikliklərə görə, 13-16 yaşlı istifadəçilər üçün yaşın təsdiqlənməsi rəqəmsal açar sistemi vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, qanuna əməl etməyən sosial media şirkətlərinə 2 milyon avroya qədər cərimə tətbiq edilməsi nəzərdə tutulur.

