Fevralın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası ilə Azərbaycan Milli Konservatoriyasının birgə həyata keçirdiyi “Nəsillərin dialoqu” layihəsi çərçivəsində Kamera və Orqan Musiqisi Zalında konsert proqramı keçirilib.
“Tehsil365 “ xəbər verir ki, “Nəsillərin dialoqu” layihəsi Azərbaycan Milli Konservatoriyasının milli musiqi irsinin nəsildən-nəslə ötürülməsi istiqamətində həyata keçirdiyi strateji missiyanı təcəssüm etdirməklə yanaşı, ustad sənətkarlarla onların yetirmələri arasında yaradıcı əməkdaşlığın, sənət mübadiləsinin və peşəkarlığın inkişaf etdirilməsinə xidmət edir.
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib və bu cür təşəbbüslərin gənc ifaçıların formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, belə layihələr gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına, səhnə təcrübəsinin artırılmasına və peşəkar inkişafına geniş imkanlar yaradır.
Tədbirdə Milli Konservatoriyanın müəllimləri, Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artistlər Təyyar Bayramov və Elnur Əhmədov, həmçinin Konservatoriyanın məzun və tələbələri çıxış ediblər.
Yüksək peşəkarlıq, nəsillərarası yaradıcılıq dialoqu və milli musiqi düşüncəsinə müasir yanaşma ruhunda keçən konsert proqramı dinləyicilərin alqışları ilə yekunlaşıb.

