Azərbaycan Milli İncəsənət Muzeyində vizual sənətlər nəzəriyyəçisi, rəssam Elçin Şamillinin “Antinomia” adlı konseptual sərgisi açılıb.
Bu barədə “Tehsil365” ə Milli İncəsənət Muzeyindən məlumat verilib.
Bildirilib ki, açılış mərasimində sərginin müasir Azərbaycan incəsənətində konseptual düşüncə tərzinin inkişafına töhfə verdiyi vurğulanıb. Qeyd olunub ki, “Antinomia” layihəsi vizual ifadə vasitəsilə cəmiyyət, insan və məkan münasibətlərini yeni estetik baxış prizmasından təqdim edir.
Sərgidə rəssamın foto, qrafik kompozisiya və instalyasiyalardan ibarət 15 əsəri nümayiş olunur. Əsərlər varlığın dəyişkən təbiətinin, zaman və məkan arasındakı keçid hallarının vizual dillə ifadəsidir. Təqdim olunan əsərlərdə “Antinomia” anlayışı yaddaş, transformasiya və transsedent reallıq mövzuları üzərindən açılır, simvollar isə müxtəlif reallıq qatları arasında əlaqə yaradan əsas vasitə kimi çıxış edir. Əsərlər tamaşaçını mövcudluğun ziddiyyətlərini hiss etməyə, görünənlə görünməyən arasındakı sərhədlər üzərində düşünməyə çağırır.
Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli dizayn və incəsənət nəzəriyyəsinə həsr olunmuş 40-dan çox elmi məqalənin və monoqrafiyaların müəllifidir. O, həmçinin rəssam, heykəltaraş və qrafik kimi fərdi sərgilərlə çıxış edib, əsərləri Bakı, Reklinqhauzen, Budapeşt, Avinyon, London, Aberdin, Moskva və Sankt-Peterburqda keçirilən qrup sərgilərində nümayiş olunub.
Sərgi martın 31-dək davam edəcək.

