Son dövrlərdə şagirdlər arasında dərsə marağın azalması və motivasiya problemləri daha çox müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu hal yalnız qiymət və akademik nəticələrlə bağlı deyil, eyni zamanda psixoloji və sosial amillərlə əlaqəlidir.
Mövzu ilə bağlı fikirlərini “Tehsil365 “ ə bölüşən psixoloq özünəinam faktorunun motivasiyada mühüm rol oynadığını vurğulayıb. O bildirib:
“İnsan öz bacarığına inanmadıqda, fəaliyyətə başlamaq və davam etdirmək ehtimalı azalır. Uğursuzluq təcrübəsi və davamlı mənfi geribildirim motivasiyanı zəiflədir.”
Qeyd olunur ki, şagirdlərdə motivasiya azalmasının əsas səbəbləri arasında özünə inamın aşağı olması, ailə mühitində gərginlik, sosial münasibətlərdə problemlər və stress halları yer alır. Eyni zamanda tədris prosesinin yalnız qiymət yönümlü qurulması və şagird maraqlarının nəzərə alınmaması da daxili motivasiyanın zəifləməsinə səbəb ola bilər.
Mütəxəssis hesab edir ki, motivasiya probleminin həlli üçün dəstəkləyici mühit yaradılmalı, şagirdlərə müsbət geribildirim verilməli və onların fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Müəllim, valideyn və psixoloq əməkdaşlığı bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.

