Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biri olan İmam Daşdəmir oğlu Mustafayev ölkənin həm siyasi, həm də elmi həyatında mühüm rol oynamış şəxsiyyətlərdəndir.
"Tehsil365" xəbər verir ki, O, 1910-cu il fevralın 12-də (25 fevral) Qaxmuğal kəndində anadan olub.
İmam Mustafayev 1954–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışaraq respublikanın idarə olunmasında əsas fiqurlardan biri olub. Onun rəhbərliyi dövrü ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında müəyyən dəyişikliklərlə yadda qalıb.
Siyasi fəaliyyəti ilə yanaşı, elmi sahədə də mühüm uğurlar əldə edən İmam Mustafayev biologiya elmləri doktoru elmi dərəcəsini 1964-cü ildə alıb. O, 1950-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib və biologiya sahəsində araşdırmaları ilə tanınıb.
Uzun və zəngin fəaliyyət yolu keçən İmam Mustafayev 1997-ci il martın 10-da Bakıda vəfat edib. O, Azərbaycan tarixində həm dövlət xadimi, həm də alim kimi iz qoymuş şəxsiyyətlərdən biri hesab olunur.

