Fevralın 14-də Ankaradakı “Saküder” İncəsənət Qalereyasında Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan 43 rəssamın əsərlərinin nümayiş olunduğu “Sevgi – incəsənət, incəsənət – sevgi” adlı sərgi açılıb.
“Saküder”in nümayəndəsi, rəssam Günəş Abbas “Tehsil365” ə bildirib ki, sərginin açılışı Sevgililər Gününə təsadüf edir.
“Bu gün Türkiyənin sənətsevərlərinə İstanbul, Ankara, İzmir, Antalya, Diyarbakır və Adanadan olan rəssamların əsərləri, eləcə də Azərbaycan, İran və Rusiyadan olan fırça ustalarının işləri təqdim olunur”, – deyə G.Abbas qeyd edib.
Onun sözlərinə görə, ziyarətçilər digər müəlliflərlə yanaşı Arif Hüseynov, Sirus Mirzəzadə, Fikrət İbrahimli, Turan Hüseynov, Sevda Rüstəmov, Adem Şirinli və digər azərbaycanlı rəssamların əsərləri ilə tanış olmaq imkanı əldə ediblər.
Sərgi fevralın 28-dək davam edəcək. Həmin gün bir ay ərzində alıcı tapmayan əsərlərin satışı üzrə art-auksion keçiriləcək.
G.Abbas bildirib ki, “Saküder” qalereyası artıq 21 ildir ki, dünyanın müxtəlif ölkələrində incəsənətin inkişafına töhfə verir və istedadlı rəssamların yaradıcılığını dəstəkləyir. Qalereyanın nümayəndəliyi Azərbaycanda da fəaliyyət göstərir, əsərlərin bir hissəsi isə ənənəvi olaraq Parisdə sərgilənir.
“Saküder”də çoxsaylı sərgilərlə yanaşı, Azərbaycandan olan mütəxəssislər tərəfindən tədris edilən fortepiano, vokal və rəssamlıq kursları da təşkil olunur.

