Parisdə Avropanın və dünyanın ən möhtəşəm sərgi məkanlarından biri olan “Grand Palais” sarayında dörd tarixi salonun birləşməsi ilə təşkil olunan “ART CAPITAL 2026” incəsənət sərgisi davam edir.
“Tehsil365” xəbər verir ki, sərgidə tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun yaradıcılıq üslubunun davamçısı olan Nigar Nərimanbəyovanın əsərləri “Salon des Artistes Français” salonunda nümayiş olunub. Bu salona təqdim olunan əsərlər hər il akademiklərdən ibarət münsiflər heyəti tərəfindən seçilir və yalnız yüksək bədii səviyyəyə malik işlər sərgilənməyə layiq görülür.
Azərbaycanlı rəssam artıq beşinci ildir ki, ardıcıl olaraq bu əfsanəvi salonda sərgilənən yeganə Azərbaycan təmsilçisidir. Onun “Kiçik Pəri” (“Malenkaya Feya”) adlı əsəri sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.
“ART CAPITAL” sərgisi Avropa və dünya miqyasında müasir incəsənətin ən iri və nüfuzlu layihələrindən biri hesab olunur. Azərbaycanlı rəssamın burada ardıcıl uğuru ölkəmizin incəsənətinin beynəlxalq arenada artan nüfuzunun bariz göstəricisidir.
Qeyd edək ki, “Salon des Artistes Français” 1881-ci ildə təsis olunub və üç əsr əvvəl Fransa kralları və Académie des Beaux-Arts tərəfindən yaradılmış əfsanəvi Paris Salonunun hüquqi varisi sayılır. Bu salonda iştirak etmək dünya incəsənət arenasında yüksək qiymətləndirmə və nüfuz göstəricisi hesab olunur.

