Fevralın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, professor İsmayıl Hacıbəyovun bəstələdiyi və librettosunu qələmə aldığı “Firuzə” konsert-tamaşasının premyerası olub.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Dövlət Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilən konsert-tamaşada dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılıq irsində xüsusi yer tutan, lakin zamanında natamam qalmış opera ideyasının yeni səhnə həyatı ilk dəfə olaraq tamaşaçılara təqdim edilib.
Konsertdən əvvəl çıxış edən professor, Əməkdar incəsənət xadimi, Xalq artisti Ülviyyə Hacıbəyova bildirib ki, əsərin səhnə həyatı qazanması milli musiqi mədəniyyətimizin inkişafı və zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. O vurğulayıb ki, bu layihə dahi bəstəkarın yaradıcılıq ideyalarına ehtiramın ifadəsi olmaqla yanaşı, milli opera ənənələrinin müasir bədii-estetik düşüncə ilə sintezinin uğurlu nümunəsidir.
Konsert-tamaşada Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru çıxış edib. Xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər Tofiq Şıxıyev, Roza Səlimova və Nüşabə İsadır.
“Firuzə” saf məhəbbətin, mənəvi gücün və taleyin sınaqlarının musiqili salnaməsidir.
Operanın III və IV şəkillərinin orkestrləşdirilməsi bəstəkar Rüfət Xəlilova, şeirlərin mətni isə Xalq şairi Cabir Novruza məxsusdur.
Rollarda Əməkdar artist İnarə Babayeva (Firuzə), Fəhmin Əhmədli (Polad), Mahir Tağızadə (Şah), Fatimə Cəfərzadə (Əzizə), Əməkdar artist Tural Ağasıyev (Vəzir), Aytac Şıxəlizadə (Xanəndə qız, Firuzənin qulluqçusu), Hidayət Əliyev və Orxan Cəlilov (keşikçilər) çıxış ediblər.

