Bu gün Azərbaycan elminin görkəmli nümayəndəsi, tanınmış geoloq-alim Şamil Əbdürrəhim oğlu Əzizbəyovun xatirəsi ehtiramla yad edilir.
"Tehsil365" xəbər verir ki, 1906-cı il fevralın 16-da (1 mart) Aşqabadda, Türküstan general-qubernatorluğunda anadan olan Şamil Əzizbəyov Azərbaycan geologiya elminin inkişafında mühüm rol oynamışdır. O, uzun illər ərzində respublikada geoloji tədqiqatların aparılması, faydalı qazıntı yataqlarının öyrənilməsi və elmi kadrların hazırlanması istiqamətində səmərəli fəaliyyət göstərmişdir.
Alim 1943-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsini almış, 1944-cü ildə professor adına layiq görülmüşdür. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilən Şamil Əzizbəyov 1960-cı ildə “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Onun elmi fəaliyyəti neft və qaz yataqlarının geoloji quruluşunun öyrənilməsi, stratigrafiya və tektonika sahələrini əhatə etmiş, Azərbaycan geologiya məktəbinin formalaşmasına əhəmiyyətli töhfələr vermişdir.
Şamil Əzizbəyov 1976-cı il mayın 14-də Bakıda vəfat etmişdir. Onun zəngin elmi irsi bu gün də Azərbaycan geoloqları üçün dəyərli mənbə olaraq qalır.

