Bu gün Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair, alim və ictimai xadim Həkim Qəninin xatirəsi ehtiramla yad edilir.
"Tehsil365" xəbər verir ki, 1918-ci il fevralın 16-da Bakıda anadan olan Hüseynov Qəni Hüseynqulu oğlu ədəbi ictimaiyyətə Həkim Qəni imzası ilə tanınmışdır. O, klassik Şərq poeziyasının ənənələrini davam etdirən qəzəlxan şair kimi geniş şöhrət qazanmış, zəngin yaradıcılığı ilə Azərbaycan ədəbi mühitində özünəməxsus yer tutmuşdur.
Həkim Qəni eyni zamanda görkəmli füzulişünas alim kimi fəaliyyət göstərmiş, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin irsinin araşdırılması və təbliği istiqamətində mühüm elmi işlər aparmışdır. Onun tədqiqatları klassik ədəbiyyatın öyrənilməsinə dəyərli töhfə hesab olunur.
O, həmçinin tərcüməçi kimi müxtəlif ədəbi nümunələri Azərbaycan dilinə qazandırmış, uzun illər hərbi tibb sahəsində çalışaraq tibb xidməti polkovniki rütbəsinə yüksəlmişdir. Həkim Qəni prezident təqaüdçüsü olmuşdur.
Görkəmli ziyalı 2008-ci il iyunun 10-da Bakıda vəfat etmişdir. Onun zəngin ədəbi və elmi irsi bu gün də Azərbaycan mədəniyyətinin qiymətli hissəsi kimi yaşayır.

