Türkiyənin təhsil müəssisələrində Ramazan ayı münasibətilə genişmiqyaslı tədbirlər planı icra olunmağa başlayır.
“Tehsil365" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Təhsil naziri Yusuf Tekinin imzası ilə ölkənin 81 vilayətinə göndərilən rəsmi təlimata əsasən, bu proqram məktəbəqədər təhsildən tutmuş lisey səviyyəsinədək bütün şagird heyətini əhatə edəcək. Sənəddə qeyd olunur ki, tədbirlərin əsas qayəsi şagirdlərdə milli-mənəvi dəyərləri gücləndirmək və onlara dini ənənələri aşılamaqdır.
“Türkiyə Yüzili Maarif Modeli” çərçivəsində tətbiq edilən yeni plana görə, hətta 4-6 yaş qrupundakı azyaşlılar da bu prosesə cəlb olunacaqlar. Bağça yaşlı uşaqların müəllimlərin nəzarəti altında məscidləri ziyarət etməsi, orada ibadət yerləri ilə tanış olması və onlara sahur, iftar kimi anlayışların izah edilməsi nəzərdə tutulur. Eyni zamanda, azyaşlılara məscid daxilində davranış qaydaları da praktik şəkildə öyrədiləcək.
İbtidai sinif şagirdləri üçün isə daha konkret tapşırıqlar müəyyən edilib. Belə ki, onlar üçün xüsusi “Məscid ziyarəti müşahidə forması” hazırlanıb və uşaqlardan bu ziyarətlər zamanı gördüklərini qeyd etmək tələb olunacaq. Orta və yuxarı siniflərdə isə dini maarifləndirmə işləri “İftarda danışaq” adlı diskussiyalar vasitəsilə aparılacaq. Bu siniflərdə təhsil alan şagirdlərə Ramazan ayı boyunca şəxsi gündəlik tutmaq tapşırılacaq.
Məktəblərin daxilində də mövzuya uyğun mühit yaradılması planlaşdırılır. Təhsil ocaqlarında “Ramazan süfrələri”nin qurulması və bayram ab-havasını əks etdirən xüsusi guşələrin təşkil edilməsi proqramın tərkib hissəsidir. Bu addımların təhsil sistemində mənəvi tərbiyənin rolunu artıracağı vurğulanır.

