“Onlayn dərslər təhsildə bir metoddur, xüsusilə pandemiya dövründə məktəbə getmək çətin olduqda faydalı idi, amma heç vaxt əyani təhsilin yerini verə bilməz.”
Bu sözləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib.
Ekspert qeyd edib ki, əyani təhsil yalnız bilik ötürülməsi deyil, həm də sosial mühit təqdim edir. Onun sözlərinə görə, müəllim, şagird və tələbələrin eyni məkanda ünsiyyətdə olması onların kommunikasiya və digər sosial bacarıqlarının formalaşmasına mühüm təsir göstərir.
“Bu sosial mühiti tam şəkildə onlayn təhsillə əldə etmək mümkün deyil”, – deyə o vurğulayıb.
Bununla yanaşı, Elçin Süleymanov onlayn təhsilin imkanlar yaratdığını da bildirib. O qeyd edib ki, ucqar ərazilərdə yaşayan və ya məktəbə getməkdə çətinlik çəkən şəxslər üçün bu format əlverişlidir. Həmçinin xaricdən mütəxəssislərin dərs prosesinə qoşulması baxımından onlayn platformalar effektiv vasitə hesab olunur.
Ekspertin sözlərinə görə, bu model vaxt, məkan və coğrafiya baxımından qənaət yaradır və buna görə ən optimal yanaşma hibrid təhsil modelidir.
“Həm onlayn alətlərdən, həm də canlı dərs mühitindən istifadə edildikdə təhsil daha effektiv olur”, – deyə o əlavə edib.
Elçin Süleymanov vurğulayıb ki, onlayn təhsil texnologiyalarından düzgün istifadə, dərslərin vizuallaşdırılması, şagird və tələbələrin prosesə cəlb olunması və qiymətləndirmə mexanizmlərinin səmərəli qurulması bu modelin faydasını artıran əsas amillərdəndir.

