Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunan tədbirlər çərçivəsində “Peptid təbiətli antibiotiklərin tətbiq perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru Saib Güləhmədovun moderatorluğu ilə keçirilən dəyirmi masada fakültə rəhbərliyi, professor-müəllim heyəti, doktorant və magistrantlar iştirak ediblər.
BDU-dan “Tehsil365"ə bildirilib ki, qonaq məruzəçi, Naxçıvan Dövlət Universitetinin Biotexnologiya Mərkəzinin direktoru Əli Quliyev mövzuya dair təqdimat edib, daha sonra müzakirələr aparılıb. Qeyd olunub ki, peptid təbiətli antibiotiklər mikroorqanizmlərə qarşı yüksək selektivlik və güclü antimikrob təsir xüsusiyyətlərinə malik perspektivli maddələr sırasına daxildir. Bu birləşmələr əsasən bakteriya hüceyrə membranının zədələnməsi və ya hüceyrədaxili hədəflərə təsir mexanizmi vasitəsilə fəaliyyət göstərir. Bu isə antibiotiklərə qarşı rezistentliyin formalaşma ehtimalının azalmasına şərait yaradır və onların alternativ terapevtik vasitə kimi əhəmiyyətini artırır.
Vurğulanıb ki, müasir dövrdə antibiotiklərə qarşı davamlılığın sürətlə artması peptid əsaslı preparatlara elmi marağı daha da gücləndirir. Peptidlər tibb sahəsi ilə yanaşı, baytarlıq və qida sənayesində geniş tətbiq imkanlarına malikdir. Bununla belə, onların sabitlik, potensial toksiklik və yüksək istehsal xərcləri kimi müəyyən məhdudiyyətlər də mövcuddur.
Gələcək tədqiqat istiqamətləri kimi peptidlərin struktur modifikasiyası, sabitliyin artırılması və yeni nəsil çatdırılma sistemlərinin işlənib-hazırlanması xüsusi vurğulanıb ki, bu da onların klinik praktikada tətbiq imkanlarını genişləndirə bilər.
Tədbirdə tədris prosesində bu istiqamət üzrə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, magistrant və doktorantların layihələrə daha fəal cəlb olunmasının vacibliyi bildirilib.

