Braziliyanın Rio-de-Janeyro şəhərində Ürək-damar Maqnit Rezonansı Cəmiyyətinin (Society for Cardiovascular Magnetic Resonance – SCMR) təşkilatçılığı ilə kardiologiya üzrə 29-cu illik elmi sessiya (Annual Scientific Sessions 2026) keçirilib. Bu konfrans dünyanın müxtəlif ölkələrindən aparıcı kardioloqları və tədqiqatçıları bir araya gətirib.
“Tehsil365" xəbər verir ki, tədbirdə Azərbaycanı tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Yasmin Rüstəmova təmsil edib.
Elmi proqram çərçivəsində Y.Rüstəmova revaskulyarizasiya, yəni, aortokoronar şuntlama (AKŞ) və perkutan koronar müdaxilə (PKM) strategiyasının seçimi zamanı sol mədəciyin atım fraksiyası azalmış pasiyentlərdə miokardın həyat qabiliyyətinin və fibroz dərəcəsinin qiymətləndirilməsində ürəyin maqnit-rezonans tomoqrafiyasının (Cardiovascular Magnetic Resonance) rolu barədə məruzə ilə çıxış edib.
Tədqiqat zamanı MRT məlumatları əsasında sol mədəciyin atım fraksiyası göstəricilərinin, fibroz dərəcəsinin və miokardın həyat qabiliyyətinin müqayisəli qiymətləndirilməsi aparılıb, həmçinin revaskulyarizasiya həyata keçirildikdən sonra klinik nəticələr təhlil olunub.
Azərbaycanlı alimin məruzəsi forum iştirakçılarında böyük maraq doğurub. Müzakirələr zamanı beynəlxalq ekspertlər əldə olunmuş məlumatların praktik əhəmiyyətini qeyd edib, həmçinin onların klinik tətbiqinə və gələcək elmi əməkdaşlığa maraq ifadə ediblər.
Bundan əlavə, tədbir çərçivəsində ABŞ, Cənubi Afrika Respublikası, Rusiya və Avropanın bir sıra ölkələrinin nümayəndələri ilə elmi müzakirələr aparılıb. Tərəflər ürək-damar MRT-si (CMR) sahəsində məlumat mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər. Konqresdə əldə olunmuş elmi materialların və müzakirə edilmiş klinik yanaşmaların kafedra səviyyəsində tətbiqi və tədris prosesinə inteqrasiyası planlaşdırılır.
Qeyd edək ki, tibb elmləri doktoru, kardioloq, Azərbaycan Tibb Universitetinin dosenti Yasmin Rüstəmova Amerika Kardiologiya Kolleci tərəfindən təqdim olunan fəxri FACC (Fellow of the American College of Cardiology) statusuna layiq görülüb.

