Nurəliyev vurğulayıb ki, foundation kurslarının bərpası tələbələrin həm dil biliklərini möhkəmləndirəcək, həm də ixtisas fənlərini daha səmərəli mənimsəməsinə şərait yaradacaq.
Təhsil eksperti Ramin Nurəliyev “Təhsil365”ə açıqlamasında ali təhsil müəssisələrində ingilis dilində tədris olunan ixtisaslarla bağlı mövcud vəziyyəti şərh edib. O bildirib ki, hazırda bir neçə universitet istisna olmaqla, Azərbaycanda foundation kursu tətbiq edilmir:
“Beynəlxalq təcrübədə hər hansı bir dildə tədris olunan ixtisas üçün tələbənin həmin dili bilmədiyi halda, mütləq bir illik hazırlıq kursu təşkil olunur. Universitet daxilində hazırlıq kursu təmin edilir və tələbə dil biliklərini təkmilləşdirərək növbəti ildən ixtisas üzrə təhsilə başlayır. Bizdə də əvvəllər bu sistem mövcud idi, amma son illərdə dəyişikliklər edilib.”
Ekspertin sözlərinə görə, hazırda bəzi ali təhsil müəssisələri birinci kursun xüsusilə ilk semestrində ingilis dili dərslərini intensiv şəkildə tədris edir, ikinci semestrdə isə sürətləndirilmiş dil proqramı ilə yanaşı ixtisas fənləri də keçirilir. Nurəliyev bu yanaşmanı düzgün hesab etmir:
“Mənim şəxsi fikrimə görə, birinci kurs mütləq foundation hazırlıq kursu olmalıdır. İngilis dili tam mənimsənildikdən sonra ixtisas fənlərinin tədrisinə başlanmalıdır. Əks halda, tələbə dərsləri yaxşı mənimsəyə bilmir.”
Ekspert əlavə edib ki, bu yanaşma yalnız ingilis dili ilə məhdudlaşmamalıdır:
“Əgər tədris alman, fransız və ya başqa bir dildə aparılırsa, həmin dil öyrədildikdən sonra ixtisas fənlərinə keçilməlidir. Xarici tələbələrin qəbul prosesində də bu sistem tətbiq olunur. Onlar bir il ərzində tədris dilini öyrənir, sonra ixtisas fənlərinə başlayırlar. Elə buna görə də, bizim öz tələbələrimiz üçün də foundation kursları tətbiq olunmalıdır.”

