Xəzər Universitetinin nümayəndə heyəti “Azerbaijan Poultry Company” MMC-nin tərkibində fəaliyyət göstərən Ucar rayonundakı “Mərcan broyler” müəssisəsində olub. Səfər universitetin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor akademik Hamlet İsaxanlının rəhbərliyi ilə təşkil olunub.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
Nümayəndə heyəti müəssisənin istehsal infrastrukturu, quşçuluq sahəsində tətbiq olunan müasir texnologiyalar, biotəhlükəsizlik tədbirləri və keyfiyyətə nəzarət mexanizmləri ilə tanış olublar. Şirkətin istehsalat üzrə direktor müavini Rüstəm Qasımov və Marketinq şöbəsinin müdiri Günay Əkbər tərəfindən müəssisənin fəaliyyəti və inkişaf strategiyası barədə məlumat verilib.
Keçirilən görüş zamanı ali təhsil ilə istehsalat sektoru arasında strateji tərəfdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Görüşdə təhsil və istehsalatın vəhdətinin təmin olunması, nəzəri biliklərin praktik mühitdə tətbiqinin gücləndirilməsi, tələbələr üçün sistemli və davamlı istehsalat təcrübəsi proqramlarının təşkili, birgə elmi-tədqiqat və innovativ layihələrin icrası, həmçinin mütəxəssis mübadiləsi prioritet istiqamətlər kimi müəyyən edilib.
Tərəflər kənd təsərrüfatı və quşçuluq sənayesinin davamlı inkişafı baxımından yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb, akademik biliklərlə real istehsalat təcrübəsinin inteqrasiyasının zəruriliyini qeyd ediblər.

