Bakı Dövlət Universitetində (BDU) rəqəmsallaşma istiqamətində həyata keçirilən tədbirlərin daha sistemli və strateji əsasda inkişaf etdirilməsi məqsədilə fəaliyyət planı mərhələli şəkildə yenilənir. Bu barədə qərar universitetin Elmi Şurası tərəfindən qəbul olunub.
“Tehsil365“ xəbər verir ki,BDU-nun rektoru Elçin Babayev bildirib ki, 2026-cı il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma və kadr hazırlığı ilə bağlı verdiyi strateji tapşırıqlar ali təhsil müəssisələrinin üzərinə də yeni öhdəliklər qoyur.
Rektorun sözlərinə görə, bu istiqamətdə BDU-da artıq məqsədyönlü işlər görülür. Universitetdə Rəqəmsal Tədqiqatlar Mərkəzi və İnformasiya Texnologiyaları Mərkəzi fəaliyyət göstərir. Yenidən qurulan Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində süni intellekt, kibertəhlükəsizlik və kriptoqrafiya üzrə layihələrin icrası nəzərdə tutulur. Bundan əlavə, BDU-da Süni İntellekt Etikası kafedrası yaradılıb.
Təkmilləşdirilən fəaliyyət planında “rəqəmsal universitet” modelinin inkişafı, yeni ixtisas və təhsil proqramlarının yaradılması, mövcud proqramların müasirləşdirilməsi, kadr hazırlığının gücləndirilməsi, süni intellektin idarəetmə sistemlərinə inteqrasiyası, beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və BDU-nun milli rəqəmsal arxitekturanın akademik platformalarından birinə çevrilməsi əsas prioritetlər kimi müəyyən olunub.

