Patent müvəkkili statusu almaq istəyən şəxslərin attestasiyasının keçirilməsi məqsədilə Əqli Mülkiyyət Agentliyində Attestasiya Komissiyası yaradılıb.
Agentlikdən ”Tehsil365” ə bildirilib ki, attestasiyadan keçmək istəyənlər tələb olunan sənədləri fevralın 18-dən martın 11-dək şənbə və bazar günləri, habelə 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü (bazar günü) ilə üst-üstə düşdüyünə görə qeyri-iş günü sayılan 9 mart tarixi istisna olmaqla 15 iş günü müddətində Agentliyə təqdim edə bilərlər. Sənədlərin siyahısı Agentliyin copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsində yerləşdirilmiş elanda göstərilib. Sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kursu bitirənlər və ya bu sahədə ən azı iki il stajı olanlar, habelə hüququn tətbiqi və tədrisi sahəsində ən azı iki il staja malik hüquqşünaslar patent müvəkkili kimi attestasiya oluna bilərlər.
Attestasiyada iştirak etmək üçün “Ərizə nümunəsi” və namizədlər üçün “Yaddaş kitabçası”nın elektron versiyası da Agentliyin copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsinə yerləşdirilib. Patent müvəkkilliyinə namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı, Azərbaycanda daimi yaşamalı, ali təhsili olmalı və Azərbaycan dilini bilməlidir.
Patent müvəkkili kimi attestasiya olunmaq istəyən şəxs copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsində göstərilən bank hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə müəyyən edilmiş 20 manat məbləğində haqq ödəməlidir.
Attestasiya iki mərhələdən ibarətdir. Birinci mərhələdə namizədin sənaye mülkiyyəti obyektləri (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) və müəlliflik hüququ (kəsişmə hallarında) ilə bağlı Azərbaycan Respublikasının normativ-hüquqi aktları, habelə Azərbaycan Respublikasının qoşulduğu müvafiq beynəlxalq sazişlər (müqavilələr) üzrə və sənaye mülkiyyəti obyektlərinə hüquqların mühafizəsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənməsinə dair biliklərinin yoxlanılması test imtahanı formasında Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. İkinci mərhələ isə Attestasiya Komissiyası tərəfindən müsahibə formasında keçiriləcək.

