“Bilim Bakı” mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün infosessiya keçirib.
BDU-dan “Tehsil365”ə bildirilib ki, infosessiya zamanı Ahmet Köse dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan “TEKNOFEST”in gənclər üçün yaratdığı imkanlardan, xüsusilə tələbələrin elmi-texnoloji potensialının üzə çıxarılmasında rolundan danışıb.
Qeyd olunub ki, festival çərçivəsində aviasiya, kosmos, süni intellekt, robototexnika, kibertəhlükəsizlik, enerji texnologiyaları və digər sahələri əhatə edən 76 kateqoriya üzrə yarışmalar keçirilir. Bu yarışmalarda məktəblilərdən tutmuş ali təhsil müəssisələrinin tələbələrinə və startap komandalarına qədər geniş iştirak imkanı mövcuddur.
Ahmet Köse Azərbaycan gənclərinin, o cümlədən BDU tələbələrinin “TEKNOFEST”də əldə etdikləri uğurları xüsusi vurğulayıb.
Qeyd edək ki, “TEKNOFEST-2026” bu il Türkiyə Respublikasının Şanlıurfa şəhərində 30 sentyabr-4 oktyabr tarixlərində keçiriləcək.

