Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni rəqəmsal inkişaf strategiyasının müəyyən edilməsi məqsədilə müşavirə keçirilib.
Bu barədə "Tehsil365”ə universitetdən məlumat verilib.
Müşavirəni açıq elan edən rektor Cəfər Cəfərov qeyd edib ki, fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib və müşavirədə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və bu sahədə insan kapitalının, innovasiya ekosisteminin inkişafı istiqamətində planın hazırlanması prioritet hədəf olaraq müəyyən edilib. Rektor qeyd edib ki, müşavirədə Prezident İlham Əliyev tərəfindən ali təhsil müəssisələrinin bu prosesə fəal şəkildə cəlb olunması, insan kapitalının müasir çağırışlara uyğun hazırlanması və tədris proqramlarının rəqəmsal iqtisadiyyatın tələblərinə adaptasiyası xüsusi olaraq vurğulanıb ki, bu çağırışlar ali təhsil sisteminin yalnız texniki baxımdan deyil, həm də məzmun, metodologiya və idarəetmə modelləri baxımından transformasiyasını zəruri edir.
Rektor vurğulayıb ki, ADPU artıq bir neçə ildir rəqəmsal transformasiya istiqamətində ardıcıl və sistemli addımlar atır. Universitetdə STEAM yanaşmasının tətbiqi məqsədilə yaradılmış mərkəz, universitetin elektron universitet modelinə keçidi çərçivəsində tədris və inzibati proseslərin rəqəmsallaşdırılması istiqamətində görülən işlər, “Alqoritmika” şirkəti ilə əməkdaşlıq çərçivəsində tələbələrə müasir proqramlaşdırma metodologiyalarının tədrisi, informatika və riyaziyyat və informatika müəllimliyi ixtisaslarının adına və tədris proqramına rəqəmsal bacarıqlar kompensasiyalarının əlavə edilməsi, “ADPU-da elmi-tədqiqat prosesində süni intellekt texnologiyalarından istifadəyə dair Qaydalar”ın qəbul olunması kimi fəaliyyətlər bu sahədə görülən vacib işlərdəndir. Qarşıdakı mərhələdə universitetin inkişaf strategiyası çərçivəsində rəqəmsal təhsil texnologiyaları, süni intellekt və məlumat analitikası sahələrində mövcud proqramların məzmununun yenilənməsi və multidisiplinar yanaşmanın gücləndirilməsi nəzərdə tutulur.
Müşavirədə müxtəlif istiqamətlər üzrə təkliflər səsləndirilib. Müzakirələrdə vahid rəqəmsal idarəetmə mühitinin formalaşdırılması istiqamətində görüləcək işlər nəzərdən keçirilib. Bu çərçivədə LMS əsaslı elektron tədris mühitinin inkişafı, elektron məzmunun hazırlanması və e-universitet modelinin daha da təkmilləşdirilməsi, eyni zamanda, e-learning həllərinin genişləndirilməsi, çevik və modul tipli tədris proqramlarının hazırlanması, mikrokredit və sertifikat proqramlarının təşkili ilə bağlı təkliflər irəli sürülüb.
Müzakirələr zamanı süni intellekt texnologiyalarının tədris, elmi-tədqiqat və inzibati idarəetmə proseslərinə inteqrasiyası, bu istiqamətdə hüquqi çərçivənin təkmilləşdirilməsi, ixtisaslaşmış strukturların yaradılması, yeni ixtisas və fənlərin formalaşdırılması, eləcə də süni intellekt üzrə tətbiqi layihələrin hazırlanması məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, innovasiya ekosisteminin inkişaf etdirilməsi, startap fəaliyyətinin təşviqi, eləcə də universitet–sənaye əməkdaşlığının gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.
Rəqəmsal transformasiya prosesinin institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi, korporativ imicin təkmilləşdirilməsi, server infrastrukturunun yenilənməsi və İKT avadanlıqlarının mərhələli şəkildə modernləşdirilməsi zəruri hesab edilib.
Müşavirənin yekununda qeyd olunan istiqamətlər üzrə konkret tədbirləri əhatə edən fəaliyyət planının hazırlanması və universitetin Elmi şurasında müzakirəyə çıxarılması qərara alınıb.

