Fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində Avropanın milli geyim və ornamentlərinə həsr olunmuş “Bağçada güllər” sərgisi açılıb.
“Tehsil365” xəbər verir ki, sərgi altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, “Arts Council Azerbaijan” təşkilatının, Azərbaycan Milli Xalça Muzeyinin və Aİ-yə üzv dövlətlərin səfirliklərinin dəstəyi ilə təşkil edilib.
Tədbirdə muzeyin direktoru Əminə Məlikova ziyarətçilərə unikal eksponatları təqdim etmək imkanına görə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyunciçə minnətdarlığını bildirib.
Layihənin konsepsiyası barədə danışan direktor qeyd edib ki, sərgidə muzeyin “qızıl kolleksiyası”ndan olan bir neçə xalça – əsasən XVIII əsrin sonu və XIX əsrin əvvəllərinə aid Qarabağ xalçaları nümayiş olunur. Sərginin əsas mövzusu çiçəklənmə və rifahın rəmzi kimi gül motividir. Bu motiv səkkiz Avropa ölkəsinin və Azərbaycanın milli geyimlərini bir ideya ətrafında birləşdirib.
Əminə Məlikovanın sözlərinə görə, bahar yenilənməsi ideyası Azərbaycan musiqi ənənəsində də öz əksini tapıb – çiçək açan qızıl güllərin və cəh-cəh vuran bülbülün tərənnüm olunduğu böyük Bülbülün əsərlərində bu motiv aydın hiss edilir. Məhz buna görə də zərif çiçək naxışları ilə bəzədilmiş xalçalar milli geyimlərlə yanaşı nümayiş etdirilir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyunciç vurğulayıb ki, sərginin məqsədi Azərbaycan ictimaiyyətini əsrlər boyu formalaşmış Avropa sənətkarlıq ənənələrini əks etdirən milli geyimlərlə tanış etməkdir. Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri tərəfindən təqdim olunan müxtəlif tarixi dövrlərə aid milli geyim nümunələri Avropa kimliyinin mədəni xüsusiyyətlərini, müxtəlifliyini və özünəməxsusluğunu nümayiş etdirir.
O qeyd edib ki, milli geyim bir xalqın tarixinin unikal güzgüsüdür və sosial-iqtisadi, mədəni, tarixi və təbii-coğrafi amillərin təsiri altında formalaşır. Onun sözlərinə görə, ənənəvi geyim müxtəlif ölkələrin mədəniyyətini öyrənmək üçün mühüm mənbədir. Təşkilatçılar ümid edirlər ki, sərgi Azərbaycan ziyarətçilərinə Avropa İttifaqı ölkələrinin milli mədəniyyəti və folkloru ilə daha yaxından tanış olmaq imkanı yaradacaq.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov da Avropa İttifaqına festivala göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, festivalın hər il keçirilməsi Avropa mədəniyyətinin təbliğinə, əməkdaşlığın gücləndirilməsinə və ölkələr arasında mədəni əlaqələrin inkişafına töhfə verir.
Sərgidə Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri tərəfindən təqdim olunan 16 dəst milli geyim nümayiş etdirilir. Bu nümunələr Avropa ölkələrinin zəngin mədəni müxtəlifliyini, müxtəlif tarixi dövrlərdən gələn adət-ənənələrini, fərqli kimliklərini və geyimlərin bəzək xüsusiyyətlərini əks etdirir.
Ekspozisiyada muzeyin kolleksiyasına aid Azərbaycan milli geyimləri, eləcə də “Bağçada güllər” və “Alpan” xalçaları da yer alıb. Sərgidə Avropa və Azərbaycan mədəni irsi arasında paralellər aparılır, ornament və dekorativ motivlərin universal estetik dəyərləri vurğulanır.
Layihənin əsas məqsədi Avropa xalqlarının ənənəvi milli geyimlərini təqdim etmək, Avropa və Azərbaycan dekorativ-tətbiqi sənətləri arasında bədii və mədəni paralelləri göstərməkdir.
Sərgi fevralın 21-dək davam edəcək.

