Fevralın 17-də Balakən rayon Mədəniyyət Mərkəzində “Mədəniyyət Konsepsiyası–2040: ənənədən gələcəyə” adlı tədbir təşkil olunub.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, ziyalılar, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə rayon sənətkarlarının əl işlərindən - xalçaçılıq, dekorativ tətbiqi sənət, ağac üzərində oyma, bədii tikmə, toxuculuq, rəssamlıq və digər sənət nümunələrindən ibarət interaktiv sərgi nümayiş etdirilib. Sərgidə yerli ustalar öz əl işlərini və yaradıcılıq nümunələrini təqdim edərək, iştirakçılara Balakənin zəngin sənətkarlıq ənənələri və milli mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı yaradıblar.
Çıxışlarda qeyd olunub ki, “Mədəniyyət Konsepsiyası–2040” yalnız milli irsimizin qorunmasını deyil, həm də dünya mədəniyyəti ilə dialoqu və qarşılıqlı zənginləşməni hədəfləyir. Bildirilib ki, bu yol məhz dövlətçilik dəyərlərinə sədaqətdən keçir. Biz öz köklərimizə sadiq qalaraq, bəşəri dəyərlərə açıq, müasir mədəniyyət modeli formalaşdırırıq.
Tədbirin bədii hissəsində Balakən rayon Mədəniyyət Mərkəzinin və “Cahan” avar xalq kollektivlərinin, “Fidanlar” rəqs, “Nənələr” ingiloy və “Ebel” avar folklor qruplarının, həmçinin müğənnilərin ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.

