Azərbaycan elminin görkəmli nümayəndələrindən, dünya miqyasında tanınan alim və filosof Xacə Məhəmməd Nəsirəddin Tusinin anadan olmasının 825 illiyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Əsrlərin yaşatdığı ensiklopedik alim” adlı biblioqrafik icmal hazırlanıb.
Kitabxanadan “Tehsil365”ə bildirilib ki, vəsaitdə Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanının tam mətni təqdim olunur.
Materialda, həmçinin görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, alimin həyat və fəaliyyəti, zəngin elm irsi, eləcə də Nəsirəddin Tusinin müdrik sözləri və kəlamları yer alıb.
Kitabxana əməkdaşlarının hazırladığı materiala ictimai-siyasi xadim Qənirə Paşayevanın “Dahi azərbaycanlı, Türk dünyasının böyük oğlu Nəsirəddin Tusi”, AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Elm və mədəniyyət tariximizdə Nəsirəddin Tusi yaradıcılığı”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Tacəddin Vahidovun “Elm sənətinin kralı və elm fədaisi” adlı məqalələrin tam mətni də daxil edilib.
Biblioqrafik vəsaitdə Nəsirəddin Tusinin müəllifi olduğu “Əxlaqi-Nasiri”, “Təcrid əl-etiqad”, “Tozlu lövhənin köməyi ilə hesab toplusu”, “Övsafül-əşraf”, “Tənsuqnameyi-elxani” kimi əsərlər, eləcə də alim haqqında qələmə alınmış “İslam filosofları”, “Azərbaycanda ədəbiyyatın tədrisi tarixi”, “Türk xalqlarının pedaqoji fikir tarixindən nümunələr”, “Əsrləri qabaqlamış alim-Nəsirəddin Tusi”, “Məhəmməd Nəsirəddin Tusi: elm, saf əxlaq dünyasına açılan qapı” daxil olmaqla 30-a yaxın kitabın biblioqrafik icmalı və qısa annotasiyası təqdim olunur. Materialda dövrü mətbuat nümunələrinin siyahısı da yer alıb.

