Marağa — Orta əsrlərin görkəmli alimi, filosofu və dövlət xadimi Nəsirəddin Tusi elmi irsi ilə bu gün də dünya elminə təsir göstərməkdə davam edir.
"Tehsil365" xəbər verir ki, 1201-ci il fevralın 18-də Tus şəhərində anadan olan alim 1274-cü il iyunun 26-da Kazımiyyə bölgəsində vəfat edib.
Ensiklopedik biliyə malik olan Tusi fəlsəfə, astronomiya, riyaziyyat, tarix, ilahiyyat və hüquq sahələrində mühüm əsərlər yazıb. O, xüsusilə Marağa Rəsədxanasının yaradılması ilə elm tarixində silinməz iz qoyub. Rəsədxana XIII əsrdə Yaxın Şərqin ən böyük elmi mərkəzlərindən biri hesab olunurdu və burada aparılan tədqiqatlar sonrakı dövrlərdə Avropa astronomiyasının inkişafına təsir göstərib.
Alimin “Əxlaqi-Nasiri” əsəri isə Şərq fəlsəfi fikrinin ən qiymətli nümunələrindən sayılır. Onun riyazi və astronomik modelləri, o cümlədən “Tusi cütü” kimi tanınan mexaniki model sonrakı elmi araşdırmalarda geniş istifadə olunub.
Mütəxəssislər qeyd edirlər ki, Nəsirəddin Tusinin zəngin elmi irsi bu gün də araşdırılır və müxtəlif ölkələrdə onun adına elmi mərkəzlər və təhsil müəssisələri fəaliyyət göstərir. Alimin fəaliyyəti Azərbaycan və İran elmi-mədəni mühitinin formalaşmasında mühüm rol oynayıb.

