Valideynlər aşağı nəticə zamanı uşağa necə yanaşmalıdır? – Psixoloq Nabat Mirzəyevadən açıqlama
İmtahan və qiymətləndirmə nəticələrinin elan olunması bir çox ailələrdə emosional gərginlik yaradır. Xüsusilə gözləniləndən aşağı nəticə həm uşaqlar, həm də valideynlər üçün çətin psixoloji vəziyyət formalaşdıra bilər. Bəs belə hallarda valideynlər necə davranmalıdır?
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “Tehsil365”ə açıqlama verib.
Nabat Mirzəyeva bildirib ki, “Aşağı nəticə uşağın zəif və ya bacarıqsız olması demək deyil. Bu, sadəcə konkret bir mərhələdə əldə olunmuş göstəricidir və səbəbləri araşdırılmalıdır.”
Onun sözlərinə görə, valideynlərin ilk reaksiyası olduqca önəmlidir: “Əgər valideyn qəzəbli və ittihamedici mövqe sərgiləyərsə, uşaqda özgüvən itkisi və uğursuzluq qorxusu yarana bilər. Bu isə gələcək akademik performansa mənfi təsir göstərə bilər və hətta uşaqlarda aqressiya səbəbi ola bilər. Biz övladımıza başa salmalıyıq ki onun aldığı qiymət onun dəyərini ölçmür.”
Psixoloq vurğulayıb ki, belə hallarda ən düzgün yanaşma dəstək və anlayış göstərməkdir: “Valideyn uşağa emosional təhlükəsizlik hissi verməlidir. Açıq və sakit dialoq qurmaq, nəticənin səbəblərini birlikdə analiz etmək daha sağlam üsuldur. Əgər bu hal növbəti dəfə təkrar olunarsa bunun ona necə təsir edəcəyini anlatmalıyıq. Bu mərhələdə övladımızın emosional dəstəyə daha çox ehtiyacı olur. Bir növ biz valideyn olaraq övladımızın verdiyi çabanı gördüyümüz zamanda, övladımıza bir motivasiya olur. ”
Mütəxəssis həmçinin qeyd edib ki, uşaqları digər həmyaşıdları ilə müqayisə etmək doğru deyil: “Hər uşağın inkişaf tempi fərqlidir. Əsas diqqət fərdi irəliləyişə yönəlməlidir.”
Sonda Nabat Mirzəyeva əlavə edib ki, düzgün yanaşma nəticəni inkişaf fürsətinə çevirə bilər: “Dəstək görən uşaq uğursuzluğu təcrübə kimi qəbul edir və daha motivasiyalı şəkildə çalışır.”

