“Zorakılıq hallarının olması uşaqların emosional vəziyyətinə, özünəinamına və dərs fəaliyyətinə ciddi təsir göstərir.”
Bu sözləri “Tehsil365”ə açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib.
Psixoloq qeyd edib ki, məktəblərdə zorakılıq hallarının olması uşaqların gələcək həyatına, emosional duyğularına, özünəinamına, davranışlarına və dərslərinə ciddi təsir göstərir.
“Zorakılığa məruz qalmış uşaqlarda qorxu yaranır, özünəinam azalır, dərslərdən uzaq durmağa çalışırlar. Bu, dərsə marağın itməsi, asosiallıq, diqqət yayınıqlığının artması və sosial təcrid kimi hallarla müşahidə olunur,” – deyə Nabat Mirzəyeva bildirib.
O əlavə edib ki, bu hallarla qarşılaşdıqda məktəb, valideyn və psixoloq arasında ünsiyyət yaradılmalı, uşağa dəstək olunmalıdır.
“Təhlükəsiz və dəstəkləyici mühit təmin olunarsa, uşaq dərs fəaliyyətində aktiv olur və özünü sosial təcrid olunmuş yox, sinif mühitinə uyğunlaşmış hiss edir,” – deyə psixoloq vurğulayıb.

