Son illər Azərbaycanda səhiyyə sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb.Rəsmi açıqlamalara görə, sistem təkcə reseptlərin elektronlaşdırılması ilə məhdudlaşmır. Platforma üzərindən vətəndaşlar öz tibbi xidmətlərinə çıxış əldə edə bilər, məlumatlarını izləyə bilər və müəyyən hallarda həkimlə onlayn məsləhətləşmə (teletibb) imkanından istifadə edə bilərlər.
“Tehsil365“ Yeni Müsavat-a istinadən xəbər verir ki, proses hələ də mərhələli şəkildə tətbiq olunur və cəmiyyətdə elektron səhiyyə imkanları barədə məlumatlılıq səviyyəsi hələ arzuolunan səviyyədə deyil. Bir çox vətəndaş bildirir ki, indiyədək onlayn konsultasiyadan istifadə etməyib və ya belə imkanın mövcudluğundan xəbərsizdir.Əsas sual hələ də qalır: mövcud rəqəmsal imkanlar niyə geniş praktikaya çevrilmir? Onlayn konsultasiya mexanizmi necə təşkil olunmalıdır ki, həm həkimlər, həm də vətəndaşlar üçün əlçatan və effektiv olsun?
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Elektron səhiyyə artıq səhiyyə sisteminin ayrılmaz tərkib hissəsidir və son günlər bu istiqamətdə daha əhəmiyyətli addımlar atılır. Artıq elektron səhiyyə portalı fəaliyyət göstərir və son vaxtlar elektron resept sistemi işə düşüb. Bu sistem reseptlərin elektron şəkildə yazılmasına imkan verir. Həkim tərəfindən tibb müəssisəsində yazılan reseptlər birbaşa apteklərdə görünür. Proses hazırda ilkin mərhələdədir və gözlənilir ki, yaxın müddətdə daha da dərinləşərək bütün dərman vasitələrini əhatə etsin.
Bundan əlavə, icbari tibbi sığorta sisteminin rəqəmsallaşdırılması da bu istiqamətin mühüm tərkib hissəsidir. Strategiyanın əsas məqsədi yaxın zamanda vahid elektron portalın formalaşdırılmasıdır. Həmin portal həm dövlət, həm də özəl tibb müəssisələrinin rəqəmsal inteqrasiyasını təmin etməlidir”.
Həkim onu da qeyd edir ki, bu sistemin ən vacib elementlərindən biri vətəndaşın rəqəmsal sağlamlıq pasportudur: “Sağlamlıq pasportunun kodu vasitəsilə istənilən tibb müəssisəsində həmin vətəndaşın indiyə qədər keçdiyi müayinələr, müalicələr və tibbi tarixçəsi ilə tanış olmaq mümkün olacaq. Bu isə diaqnostika və müalicə prosesinə düzgün və operativ nöqtədən başlamağa imkan verəcək.
Bundan əlavə, gələcəkdə toplanmış məlumat bazasının tibbi tədqiqatlar üçün açar rol oynaması baxımından elmi tibbi statistikanın da həmin rəqəmsal platformada yerləşdirilməsi çox ciddi və strateji addım olardı. Bu, həm analitik imkanları genişləndirər, həm də səhiyyə siyasətinin daha dəqiq məlumatlara əsaslanmasına şərait yaradar. Nəhayət, bütün bu sistemin müasir dövrün tələbi olan süni intellekt həlləri ilə zənginləşdirilməsi və dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Süni intellekt alqoritmləri vasitəsilə risk analizləri, erkən diaqnostika, xəstəliklərin proqnozlaşdırılması və resursların daha səmərəli idarə olunması mümkün ola bilər. Bu imkanlardan istifadə edərək səhiyyənin rəqəmsal transformasiyasını daha da irəli aparmaq günümüzün əsas tələblərindəndir.
Səhiyyə Nazirliyində bu istiqamətdə ciddi bir komanda fəaliyyət göstərir. Eyni zamanda, onlayn konsultasiya imkanlarının yaradılması da rəqəmsallaşmanın mühüm tərkib hissəsidir və vətəndaşlara məsafədən tibbi məsləhət almaq imkanı verir. Bu da ümumi transformasiya prosesinin vacib elementlərindən biri hesab edilə bilər.
Zülfüqar Yusifovun sözlərinə görə, onlayn konsultasiyalar bu gün də mövcuddur və müəyyən dərəcədə tətbiq olunur: “Lakin proses hələ ki, pərakəndə xarakter daşıyır. Bu sahədə həm texniki infrastrukturun daha sistemli şəkildə qurulmasına, həm də vətəndaşların və həkimlərin eyni rəqəmsal platformada koordinasiyalı fəaliyyət göstərməsinə ehtiyac var. Qarşılıqlı adaptasiya və istək olmadan bu praktikanın geniş və effektiv tətbiqi mümkün deyil. Burada ən vacib məqamlardan biri İT sistemi ilə vətəndaş və tibb personalı arasında inteqrasiyanın optimallaşdırılmasıdır. Bu inteqrasiya adekvat, funksional və mümkün qədər praktik olmalıdır. Yəni sistem həm istifadəçi dostu, həm də operativ işlək mexanizmə malik olmalıdır ki, gündəlik tibbi xidmət prosesinə real töhfə versin. Düşünürəm ki, yaxın zamanlarda bu istiqamətdə mühüm yeniliklərin şahidi olacağıq. Vahid platforma üzərindən ümumi tibbi idarəetmə sisteminin formalaşması, xüsusilə də vətəndaşın rəqəmsal sağlamlıq pasportunun əlçatan olması səhiyyədə keyfiyyət və şəffaflıq baxımından yeni mərhələnin başlanğıcı ola bilər”.

