Azərbaycanda dilçi tədqiqatçılar və media üçün olimpiadaların təşkili təklif olunub.
“Tehsil365” xəbər verir ki, bu təkliflə Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının professoru, Mətbuat Şurasının Dil Komissiyasının üzvü, professor Qulu Məhərrəmli "Medianın dili elmi müzakirə müstəvisində" adlı konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda belə bir olimpiadanın keçirilməsi dilə böyük töhfə verə bilər:
"Olimpiadaları həm dilçi tədqiqatçılar, həm də media üçün təşkil edə bilərik. Sonda isə mükafatlar verilsə, bu hər kəsi növbəti addımlara ilhamlandıracaq".
Q.Məhərrəmli həmçinin olimpiadanın "Ana dili" adlandırılmasını təklif edib.
AMEA-nın prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli də bu təklifi dəstəklədiyini bildirib:
"Dilçi tədqiqatçılar üçün mükafatı biz, media üçün isə Mətbuat Şurası təsis edə bilər. Bununla bağlı müzakirələr aparacağıq".
İ.Həbibbəyli, öz növbəsində, mükafatın da "Ana dili" adlandırılımasını və 21 Fevral - Beynəlxalq Ana Dili Günündə təqdim olunmasını təklif edib.
Mətbuat Şurasının sədri Rəşad Məcid isə mükafatın dilçi tədqiqatçılar və media üçün birgə təsis edilməsinin məqsədəuyğun olduğunu söyləyib.
Sonda AMEA və Mətbuat Şurası jurnalistlərlə tədqiqatçılar üçün birgə mükafatın təsis edilməsi barədə razılığa gəliblər.
Mükafat olimpiada qaliblərinə 21 Fevral - Beynəlxalq Ana Dili Günündə təqdim olunacaq.

