“Bu mübarək Ramazan ayında valideynlərə və yetişkin insanlara böyük vəzifə düşür — onlar gəncləri doğru yola yönəltməli, yaxşılığa təşviq etməli və pis əməllərdən çəkindirməlidirlər.”
Bu sözləri “Tehsil365”ə açıqlamasında ilahiyyatçı Cəmil Musayev bildirib.
O qeyd edib ki, gənclərin mənəvi dəyərlər üzərində formalaşması həm dini, həm də ictimai baxımdan mühüm əhəmiyyət daşıyır və onların sağlam, şüurlu və vətənpərvər şəxsiyyət kimi yetişməsində ailə və cəmiyyətin rolu böyükdür.
“Gənclər həm müsəlmanların, həm də millət olaraq bizim gələcəyimizdir. Onların vətənə bağlı, məsuliyyətli və şüurlu insan kimi formalaşmasında dinin rolu çox böyükdür. İslam dini insanlara Allaha iman etməyi, millətinə və vətəninə bağlı olmağı, xeyirxah işlər görməyi və pisliklərdən uzaq durmağı tövsiyə edir”, — deyə o bildirib.
Cəmil Musayev əlavə edib ki, dini dəyərlər gənclərin mənəvi kamilliyinin inkişafına töhfə verir və bu istiqamətdə klassik dini nümunələr də xüsusi əhəmiyyət daşıyır.
“Həzrəti Ömər (radiyallahu anhun) buyurmuşdur ki, “ibadət edən yaşlını sevərəm, amma ibadət edən gəncə aşiqəm”. Bu fikir gənclərin mənəvi inkişafının nə qədər dəyərli olduğunu göstərir”, — deyə o vurğulayıb.
Sonda ilahiyyatçı qarşıdan gələn Müqəddəs Ramazan ayı və Ramazan bayramı münasibətilə islam dünyasını təbrik edərək hər kəsə xeyir-bərəkət, sülh və əmin-amanlıq arzulayıb, tutulan orucların və edilən ibadətlərin qəbul olunmasını diləyib.

