Fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin kino musiqisinə həsr olunan “İki könül görüşəndə” adlı konsert proqramı təqdim olunub.
“Tehsil365" xəbər verir ki, proqramda həm yerli, həm də xarici filmlərdən məşhur musiqi əsərləri səsləndirilib.
Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovadır.
Proqramda “Möcüzələr adası”, “Əhməd haradadır?”, “Alma almaya bənzər”, “Bəxtiyar”, “Torpaq, dəniz, od, səma”, “Bəyin oğurlanması” və digər filmlərdən musiqi əsərləri canlı ifa olunub. Həmçinin xarici filmlərdən “Romeo və Cülyetta”, “Pesenka o poqode” və digər ekran əsərlərindən musiqi nümunələri səsləndirilib.
Konsertin aparıcısı Əməkdar artist Dilarə Əliyeva olub.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin bu il 90 yaşı tamam olur. İl ərzində təşkil ediləcək konsertlər də orkestrin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq.

