Paytaxt məktəblərində informatika fənni üzrə diaqnostik qiymətləndirmə keçirilir.
BŞTİ-dən “Tehsil365"ə bildirilib ki, rəqəmsal bacarıqların ölçülməsi məqsədilə keçirilən diaqnostik qiymətləndirmədə V sinif şagirdləri iştirak edir.
Qiymətləndirmə ilk olaraq 9-16 fevral tarixlərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu ümumi təhsil müəssisələrində təşkil olunub. 16 fevral tarixindən isə “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunmayan ümumi təhsil müəssisələrində qiymətləndirmə prosesinin keçirilməsinə başlanılıb.
Qeyd edək ki, qiymətləndirmə learn.algoritmika.az platforması üzərindən keçirilir. Şagirdlərə ümumilikdə 40 sual təqdim edilir. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt verilir.
Diaqnostik qiymətləndirmənin nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

