Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələri Nərmin Əsədullayeva və Bəxtiyar Qənbərli “AzerGold” QSC tərəfindən ölkənin ali təhsil müəssisələrinin tələbələri üçün elan edilmiş 5-ci təqaüd proqramının qalibi olublar.
BDU-dan “Tehsil365"ə bildirilib ki, bu uğur tələbələrin yüksək akademik göstəricilərinin, ixtisas biliklərinin və peşəkar inkişaf potensiallarının qiymətləndirilməsi nəticəsində əldə olunub.“AzerGold” QSC tərəfindən 2021-ci ildən etibarən ali və peşə təhsili istiqamətləri üzrə həyata keçirilən təqaüd proqramı sosial məsuliyyət və insan kapitalının inkişafı siyasətinin mühüm tərkib hissəsidir. Proqram çərçivəsində bu günədək ali təhsil səviyyələri üzrə 28, peşə təhsili müəssisələrində isə 35 tələbə təqaüdə layiq görülüb. 2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrindən geologiya, dağ-mədən mühəndisliyi, ekologiya, metallurgiya ixtisasları üzrə təhsil alan 9, peşə təhsili müəssisələrindən isə 15 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Müsabiqənin nəticələrinə əsasən, qaliblərin hər biri təltifnamə ilə yanaşı, 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd alacaqlar. Təqaüd proqramının əsas məqsədi geologiya və dağ-mədən sahələri üzrə ixtisaslaşan gənc mütəxəssislərin maddi dəstəklənməsi, onların peşə bacarıqlarının inkişaf etdirilməsi və gələcək karyera imkanlarının genişləndirilməsidir.
Proqram çərçivəsində iştirakçılara “AzerGold” QSC-də təcrübə proqramlarında iştirak imkanı yaradılacaq. Məzun olduqdan sonra onların uyğun vakansiyalar üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

