Bakı Dövlət Universiteti (BDU) ilə Kamerun Respublikasının Kesmonds Beynəlxalq Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib. Memoranduma əsasən, hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, ortaq elmi-tədqiqat işlərinin aparılması öz əksini tapıb.
Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramlar, tədris planları və sillabusların işlənib hazırlanması, eləcə də akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların qarşılıqlı mübadiləsi də əməkdaşlıq istiqamətləri sırasındadır.
Əsası 2010-cu ildə qoyulmuş Kesmonds Beynəlxalq Universiteti Kamerun Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunur.

