Ötən il təhsil sahəsində aparılan müzakirələr sırasında müəllimlərin tam ştat əsasında fəaliyyəti, 8 saatlıq iş rejimi məsələsi xüsusi yer tutub. Belə ki, söhbət maaşın yalnız keçirilən dərs saatına görə deyil, müəllimin məktəbdə keçirdiyi ümumi iş vaxtına əsasən hesablanmasından gedir. Təklif ondan ibarət idi ki, müəllimlər də digər sahələrdə çalışanlar kimi gündə 8 saatlıq iş rejimi ilə fəaliyyət göstərsinlər. Dünya təcrübəsinə əsaslanaraq da vurğulamaq istərdim ki, əksər ölkələrdə müəllimlərin fəaliyyəti gündəlik 8 saatlıq iş rejimi, yəni adətən 08:00-17:00 və ya 09:00-18:00 prinsipi ilə tənzimlənir.
Elm və təhsil naziri Emin Əmrullayev də ötən il verdiyi açıqlamalarında bildirib ki, “tamştatlı müəllim” modeli müəllimin məktəbdə özünü tamhüquqlu əməkdaş kimi hiss etməsinə xidmət etməlidir.
Bu kontekstdə, maraq doğuran əsas suallardan biri də “tamştatlı müəllim” modelinin nə vaxtdan tətbiq olunmasıyla bağlıdır. Nazir bununla bağlı konkret tarixi açıqlamasa da, konsepsiya üzərində işlərin davam etdiyini qeyd etmişdi.
“Tehsil365” xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov bildirib ki, hazırda bu model konseptual müzakirə mərhələsindən praktik tətbiq mərhələsinə keçid ərəfəsindədir.
“Düşünürəm ki, tətbiq mərhələli şəkildə həyata keçiriləcək. Daha məqsədəuyğun yanaşma ondan ibarətdir ki, ilk olaraq pilot layihə formatında seçilmiş məktəblərdə sınaqdan keçirilsin, daha sonra normativ-hüquqi bazanın təkmilləşdirilməsi, maliyyə yükünün hesablanması və məktəblərin infrastruktur imkanlarının qiymətləndirilməsindən sonra genişmiqyaslı tətbiqə keçid mümkün olsun”.
Deputat həmçinin vurğulayıb ki, realist yanaşma ondan ibarətdir ki, bu modelin ölkə üzrə tam tətbiqi qısa müddətdə deyil, bir neçə tədris ili ərzində mərhələli şəkildə həyata keçirilə bilər:
“Bu modelin tətbiqi bir sıra mühüm üstünlüklər vəd edir: müəllimin statusunun güclənməsi və onun məktəbdə tam hüquqlu, daimi işçi kimi fəaliyyət göstərməsi peşənin nüfuzuna müsbət təsir edə bilər. Eyni zamanda müəllim yalnız dərs saatını doldurmaqla kifayətlənməyəcək, dərsə hazırlıq, fərdi iş, valideynlərlə ünsiyyət, şagirdlərin inkişafının izlənməsi və metodiki fəaliyyət üçün məktəbdə əlavə vaxt ayırmaq imkanı qazanacaq. Bundan başqa, komanda işi, metodiki birliklərin fəaliyyəti və təcrübə mübadiləsi daha sistemli şəkildə təşkil oluna, şagirdlərlə fərdi iş imkanları artaraq dərsdənkənar inkişaf fəaliyyətləri genişlənə bilər. Bununla yanaşı, qeyd etməliyik ki, 8 saatlıq iş rejimində müəllimin bütün vaxtı dərs saatı kimi deyil, pedaqoji fəaliyyətin müxtəlif istiqamətlərini əhatə edən strukturlaşdırılmış iş bölgüsü kimi planlaşdırılmalıdır”.
Milli Məclisin üzvü hesab edir ki, bu modelin tətbiqinin gecikməsinin əsas səbəbləri arasında maliyyə məsələləri xüsusi yer tutur:
“Çünki tamştatlı model əməkhaqqı siyasətinə yenidən baxılmasını və dövlət büdcəsi baxımından ciddi planlaşdırma ilə əlavə vəsait ayrılmasını tələb edir. Digər tərəfdən, bütün məktəblərin müəllimlərin gün ərzində məktəbdə qalması üçün uyğun iş şəraitinə, iş otaqları, metodiki resurslar və digər təşkilati imkanlara malik olması vacibdir ki, bu da infrastruktur və təşkilati çətinliklər yaradır. Eyni zamanda əmək qanunvericiliyində və təhsil sahəsindəki normativ sənədlərdə uyğun dəyişikliklərin edilməsi zərurəti, eləcə də müəllimlərin və ictimaiyyətin rəyi nəzərə alınmaqla daha geniş peşəkar müzakirə ehtiyacı bu prosesin mərhələli şəkildə irəliləməsini şərtləndirir”.
V.Qafarov onu da əlavə edib ki, “tamştatlı müəllim” modeli düzgün planlaşdırma və mərhələli yanaşma ilə tətbiq edilərsə, təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, bu proses tələsik deyil, sistemli və dayanıqlı şəkildə həyata keçirilməlidir.
Məlumat üçün bildirək ki, "tamştatlı müəllim" modelinə təxminən 20 minə yaxın müəllimin cəlb olunması nəzərdə tutulur.

