Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Seymur Hüseynovla növbəti görüşünü keçirib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, DİM-dən bildirilib ki, görüş zamanı Seymur Hüseynovun Mentorluq proqramı çərçivəsində iştirak etdiyi layihələr və onların nəticələri müzakirə olunub. Bundan başqa, mentinin istəyinə uyğun olaraq gələcəkdə onun data analitikası sahəsində müəyyən təlimlərə cəlb edilməsi qərara alınıb.
Xatırladaq ki, dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Seymur Hüseynov Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə birillik Mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

