Rəqəmsal transformasiya şəraitində distant təhsil müasir təhsil sisteminin əsas istiqamətlərindən birinə çevrilib və təhsilin əlçatanlığının artırılmasında mühüm rol oynayır.
Bu sahədə ölkədə elmi-tədqiqat işləri genişləndirilir. Eyni zamanda, distant təhsilin inkişafı üçün süni intellekt və adaptiv öyrənmə sistemlərinin inteqrasiyasına xüsusi diqqət yetirilir. Bu yanaşma həm tədris keyfiyyətini artırır, həm də tələbələrin fərdi bacarıqlarına uyğun təhsil imkanları yaradır.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev açıqlamasında bildirib ki, rəqəmsal transformasiya şəraitində distant təhsilin elmi-nəzəri problemlərinin sistemli şəkildə araşdırılması strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, İnformasiya Texnologiyaları İnstitutunda bu istiqamətdə məqsədyönlü tədqiqatlar aparılır və ixtisaslaşmış struktur bölmə fəaliyyət göstərir. Distant təhsilin inkişafı informasiya-kommunikasiya texnologiyalarının, xüsusilə süni intellekt alətlərinin tədris prosesinə inteqrasiyası ilə birbaşa bağlıdır. Bu kontekstdə adaptiv öyrənmə sistemlərinin formalaşdırılması, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və pedaqoji prinsiplərlə rəqəmsal texnologiyaların uzlaşdırılması əsas elmi problemlər kimi müəyyən edilir.
Akademik vurğulayıb ki, aparılan tədqiqatların beynəlxalq elmi məkanla inteqrasiyası, nəticələrin nüfuzlu jurnallarda dərc olunması və maarifləndirmə tədbirlərinin təşkili distant təhsilin inkişaf perspektivlərini genişləndirir.

